Vaşinqtonun rolu nədən ibarət olub? - TƏHLİL

Vaşinqtonun rolu nədən ibarət olub? - TƏHLİL
09:38

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını ABŞ-ın geosiyasi uğuru kimi təqdim etmək cəhdləri güclənməkdədir. 2023-cü il antiterror əməliyyatından sonra tərəflərin tet-a-tet təmasları və iki ölkə diplomatları arasında məxfi diplomatik kanallarla aparılan görüşlər nəticəsində paraflanmış sənədin mətni ortaya çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı rəsmi Bakıdır, əsas tezislər də rəsmi Bakı tərəfindən irəli sürülüb və İrəvan tərəfindən qəbul edilib. Martın əvvəlində Azərbaycan və Ermənistan tərəfləri sənədin bütün maddələrinin razılaşdırıldığını bəyan etmişdilər. İmzalanması üçün isə Azərbaycanın iki vacib şərti masa üzərində idi.

Vaşinqtonun rolu nədən ibarət olub?

1. Vaşinqtonun əsas rolu bizim Zəngəzur dəhlizi kimi qəbul etdiyimiz yolla bağlı prinsipial razılığın əldə edilməsidir. ABŞ-ın təklif etdiyi variant Ermənistan tərəfindən məqbul hesab edilib və bu yol 99 illiyinə ABŞ-ın sərəncamına verilir. Bununla da Azərbaycanın yolun İrəvanın təhlükəsizlik təminatı altında açılmasından duyduğu narahatlıq aradan qaldırılır. Görünən odur ki, yolun istismarı ilə yanaşı təhlükəsizliyin təmin edilməsi də ABŞ şirkətlərinə veriləcək. Nəticədə keçiddə Azərbaycan vətəndaşları erməni sərhədçi və polisləri ilə təmas etməyəcək. Bütün hüquqi prosedurlar amerikalılar tərəfindən həyata keçiriləcək. Yəni ABŞ-ın yolun açılması üçün təklif etdiyi ideya İrəvan tərəfindən qəbul edilib.

2. ABŞ hazır sülh müqaviləsinin paraflanmasında rol oynayıb. Burada Azərbaycan öz şərtlərindən geri çəkilməyib, sadəcə sülh imzalanana qədər sənədin paraflanmasına razılıq verib. Sual oluna bilər ki, Azərbaycan və Ermənistan daha öncə razılaşdırılmış sənədi paraflaya bilməzdilərmi?

Məsələn, Abu-Dabidə bunu etmək mümkün idimi?

Məncə, praktik olaraq bu mümkün idi. Ancaq o zaman Azərbaycanın masa üzərindəki konstitusiya şərtinin İrəvan tərəfindən icra olunacağına zəmanət zəif idi. İrəvan söz verə bilərdi, amma tərəflər arasında etimad olmadığı üçün bu icra rəfə qaldırıla bilərdi. Ona görə də sənədin Abu-Dabidə imzalanması baş tutmadı.

Bəs Abu-Dabi ilə Vaşinqton görüşü arasında nə baş verdi? Abu-Dabi görüşündən sonra sənədin paraflanması üçün tələb olunan siyasi təminatı öz üzərinə ABŞ götürdü. Rəsmi Vaşinqton İrəvanın adından rəsmi Bakıya konstitusiya dəyişikliyinin həyata keçiriləcəyinə təminat verdi ki, rəsmi Bakı da bu sənədin altına öz imzasını atdı.

Sənədin paraflanması eyni zamanda rəsmi sülh müqaviləsinə qədər , təqribən 9-10 ay ərzində ,iki ölkə arasında etimadın formalaşdırılması üçün ilkin addımların atılmasına imkan verir. Artıq iki ölkənin XİN rəhbərləri imzalanmadan sonra ilk təması gerçəkləşdirdilər. Bunun ardınca Ermənistan tərəfi yaxın 2-3 həftə ərzində Azərbaycanda keçiriləcək MDB idman oyunlarına qatılacağını açıqlayacaq. Bununla da ilkin etimad tədbirlərinin əsası qoyulmuş olacaq.

ABŞ sənədin imzalanması üçün böyük siyasi dəstək verdi, Donald Trump isə tərəflər arasında açıq qalan Zəngəzur dəhlizi və konstitusiya məsələsinin həllində rol oynadı. Ancaq bütün bunlara baxmayaraq, ən böyük rolu tərəflərin özləri oynadı. İlham Əliyev və Nikol Paşinyan arasında 2023-cü ildən sonra birbaşa təmaslar, XİN və digər kanallar vasitəsilə aparılan danışıqlar Vaşinqton görüşünə qədər böyük işi həyata keçirməyə imkan verdi.

Aqil Məmmədov, siyasi ekspert


Sizin reklam burada
Sizin reklam burada