DİN: Cinayətkarlığa və qayda pozuntularına qarşı qətiyyətli mübarizə davam etdirilir

DİN: Cinayətkarlığa və qayda pozuntularına qarşı qətiyyətli mübarizə davam etdirilir
10:28

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 15-də ölkə üzrə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 46 cinayətin üstü açılıb, cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb. Həmin gün 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Narkotik vasitələrlə mübarizə çərçivəsində isə 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb, həmçinin itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq ailələrinə təhvil verilib.

Qanunsuz silah-sursatla mübarizə çərçivəsində isə paytaxt və bölgələrdə aparılan əməliyyat tədbirləri nəticəsində 4 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 alışdırıcı, 1 tüfəng, 37 patron darağı və 1038 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped, skuter və velosiped sürücülərini qaydaları pozmamağa və ehtiyatlı olmağa çağırıb. Bildirilir ki, bu nəqliyyat vasitələrini idarə edən bəzi sürücülər:

svetoforun qırmızı işığında keçmək,

ara məsafəsi saxlamamaq,

təhlükəli manevrlər etmək,

yol nişanlarının tələblərinə əməl etməmək,

qoruyucu dəbilqədən istifadə etməmək

kimi ciddi qayda pozuntularına yol verirlər.

Nəticədə, bu ilin ilk 6 ayı ərzində respublikada 17 yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb. Paytaxt Bakıda isə bu cür hadisələr nəticəsində 9 nəfər xəsarət alıb.

Məsul qurumlar belə halların qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir, sürücülərlə görüşlər keçirilərək yol hərəkəti qaydaları bir daha izah edilir.



Sizin reklam burada
Sizin reklam burada