Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və
üzərində olan məlumatların dairəsi dəyişir.
Bu, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən “Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq
Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə
uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi
çətinliklərin aradan qaldırılması məqsədilə təklif olunur.
Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin
istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin
formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti
yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin
yenilənməsi təklif olunub.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir
ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər
məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və
kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların
kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən
qorunmasının təmin olunması məqsədini daşıyır.
Maraqlıdır ki, şəxsiyyət vəsiqəsində milli kimlik barədə məlumat yoxdur. Kimin
hansı xalqın nümayəndəsi olması qeyd edilmir.
Mövzu ilə bağlı News365.az-a danışan Millət
vəkili Elşad Musayev bildirib ki, şəxsiyyət vəsiqəsinə yeni məlumatlar
daxil edildi:
“Bu beynəlxalq tələblərlə bağlıdır. Amma şəxsiyyət
vəsiqəsində milli kimliyin yazılıb, yazılmaması barədə dəqiq bilgim yoxdur.
Amma mən bir Türk kimi şəxsiyyət vəsiqəsinə milli kimlik haqqında məlumatın
daxil edilməsinin tərəfdarıyam.Hər kəs öz milli kimliyi ilə fəxr etməlidir.Necə
ki, biz Azərbaycan Türkü olaraq milli kimliyimizlə fəxr edirik.Əminəm ki, ölkəmizdə
yaşayan bütün vətəndaşlar da öz milli kimlikləri ilə qürur duyur.Ümumilikdə isə
hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə də hesab
edirəm ki, şəxsiyyət vəsiqəsinə milli kimlik barədə məlumatın daxil edilməsi problem
yaratmaz”.
News365.az