"Azərbaycanla Türkmənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var"
İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Türkmənistan arasında iqtisadi və ticarət əlaqələri mövcuddur, münasibətlər yaxşıdır. Lakin bu iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var.
İqtisadçı qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi hər il artsa da, bu sahədə hələ də istifadə olunmamış imkanlar qalmaqdadır. Belə ki, 2024-cü ildə Azərbaycan Türkmənistana təxminən 80 milyon dollar dəyərində məhsul ixrac edib, əvəzində isə 300 milyon dollar dəyərində idxal həyata keçirilib. Azərbaycanın Türkmənistana ixrac etdiyi məhsulların əhəmiyyətli hissəsi, əsasən, qeyri-neft məhsullarıdır – ötən il ixrac edilən məhsulların 78 milyon dolları məhz bu sektorun payına düşüb.
2025-ci ilin ilk yarısında ticarət göstəricilərində müəyyən azalma müşahidə edildiyini deyən Kərimli bildirib ki, ilin ilk 6 ayı ərzində Türkmənistana təxminən 30 milyon dollar dəyərində məhsul ixrac olunub, idxal isə 109-110 milyon dollar səviyyəsindədir. Bu da bir daha sübut edir ki, Türkmənistan bazarı Azərbaycanın qeyri-neft sektoru üçün strateji əhəmiyyət daşıyır.
Xalid Kərimli bildirib ki, Orta Asiya bazarı Azərbaycanın qeyri-neft məhsulları üçün mühüm ixrac istiqamətlərindən biridir. Azərbaycanla Türkmənistan arasındakı ticarət əsasən Xəzər dənizi üzərindən daşımalar vasitəsilə həyata keçirilir. Azərbaycan bu sahədə Türkmənistanla nəqliyyat xidmətləri üzrə əməkdaşlıq da edir.
İqtisadçı qeyd edib ki, hər iki ölkənin ixrac strukturu bir-birinə bənzəyir. Türkmənistanın ixracatının təxminən 90%-i enerji resursları, xüsusilə qaz və neft məhsulları təşkil edir və əsas alıcısı Çindir. Bu baxımdan Türkmənistan qazının Azərbaycanın üzərindən Avropa bazarına çıxarılması üçün əməkdaşlıq imkanları araşdırılır. Bu əməkdaşlıq həm Türkmənistanın qaz bazarının diversifikasiyası baxımından, həm də Azərbaycanın tranzit rolu baxımından əhəmiyyətlidir.
Xalid Kərimli qeyd edib ki, bu istiqamətdə əməkdaşlıq Azərbaycanın regionda enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirə bilər. Eyni zamanda, bu proses ölkəmizə əlavə tranzit gəlirləri qazandıracaq.
Digər mühüm istiqamət isə Orta Dəhlizdir. Türkmənistan da Mərkəzi Asiya ölkəsi kimi bu dəhlizdə aktiv rol oynamaq niyyətindədir. Əgər Türkmənistan Avropa bazarına daha rahat çıxmaq istəyirsə, bu marşrut üzrə ən uyğun yol Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə mümkündür. Bu baxımdan Azərbaycan da Türkmənistanla əməkdaşlığın genişləndirilməsində və sadələşdirilməsində maraqlıdır.
Bundan başqa, Xəzər hövzəsində enerji ehtiyatlarının birgə istismarı ilə bağlı əməkdaşlıq da ölkələr arasındakı münasibətləri möhkəmləndirir və dostluq əlaqələrini dərinləşdirir.
Sonda iqtisadçı vurğulayıb ki, Türkmənistan həm enerji, həm də qeyri-enerji sektorlarında Azərbaycan üçün əməkdaşlıq potensialı yüksək olan ölkələr sırasındadır. Hazırda Azərbaycanın əsas strateji prioritetlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın milli maraqlarına tam uyğundur.