Son bir il ərzində generativ süni intellektin tətbiqi ilə yaradılan videooyunların sayı səkkiz dəfə artıb.
News365.az xəbər verir ki, bu barədə “Totally Human Media”dan analitik İçiro Lambın bloqunda məlumat verilib.
Steam platformasının təhlilinə görə, ötən il təxminən 1000 layihə süni intellekt istifadə etdiyini bildiribsə, bu gün bu rəqəm təxminən 8000-ə çatıb. Bu da o deməkdir ki, 2025-ci ildə buraxılan hər beş oyundan biri müəyyən dərəcədə süni intellektin köməyi ilə yaradılıb.
Qeyd olunub ki, süni intellekt inkişaf prosesinin bütün mərhələlərində istifadə olunur. Ən çox, təxminən 60% hallarda, neyron şəbəkələr vizual elementlərin yəni, personajların, fonların, teksturaların və 3D modellərin yaradılmasında tətbiq olunur. Texnologiya həmçinin musiqi, personajların səsli ifası, oyundaxili mətnlər, oyun aləminin tarixi (lor) və marketinq materiallarının hazırlanmasında geniş istifadə edilir.
Süni intellektin tətbiqi getdikcə oyun prosesinin özündə də genişlənir. Nəzərə çatdırılıb ki, bəzi roguelike janrında olan oyunlarda neyron şəbəkə real vaxtda məkanları və əşyaları yaradır. Başqa oyunlarda, məsələn inZOI-da, oyunçular sadəcə mətn sorğularından istifadə edərək obyektlər üçün teksturalar yarada bilirlər.