“Sülh sazişi Aİ “mülki missiyası”nın regiondan çıxmasını şərtləndirir” - Nigar Məmmədova

“Sülh sazişi Aİ “mülki missiyası”nın regiondan çıxmasını şərtləndirir” - Nigar Məmmədova
12 Avq 2025 16:15

“Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” 17 maddədən ibarətdir. Sazişin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur. İlk növbədə, tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır. Habelə, bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir, həmçinin bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürür."

Milli Məclisin deputatı Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir. Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Bu isə Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir.

Sazişdə, həmçinin, qeyd olunur ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Bu isə Aİ “mülki missiyası”nın regiondan çıxmasını şərtləndirir. Çünki Avropa İttifaqının Ermənistandakı missiyasına artıq ehtiyac qalmayıb, bu missiya faktiki olaraq iflasa uğrayıb. Aydındır ki, bu missiya Fransa Prezidenti E. Makronun layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək idi. Artıq iki tərəfin də qəbul etdiyi sülh gündəliyi var. Buna görə də Aİ missiyası fəaliyyətini dayandırmalıdır.

Sənəddə humanitar məsələlərin həlli də əks olunub. Belə ki, tərəflər itkin düşmüş şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla tədbir görmək öhdəliyi götürür. Bu isə 4 minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi deməkdir.

Sazişdə delimitasiya və demarkasiya prosesi, həmçinin yekun sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulmasına dair bəndlər də yer alıb.

Sənəddə, həmçinin, qeyd olunur ki, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər. Bununla belə, Azərbaycan Prezidentinin söylədiyi kimi, Ermənistanın “ev tapşırıqları” var – Konstitusiya dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddiaları oradan çıxarılmalıdır. Bundan sonra yekun sülh sazişi imzalana bilər."


Sizin reklam burada
Sizin reklam burada