"Savadlı və peşəkar, lakin arxası və pulu olmayanlar kölgədə qalırlar" - Alimdən etiraz
Cəmiyyət
09:52
Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919-20 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edildi. O zaman bu işə nəzarət Nəsib bəy Yusifbəyliyə aid idi. Ağa, bəy balaları siyahıya düşmək üçün bütün cəhdlər edirdilər. Lakin Nəsib bəy savadlı və kasıb balalarının göndərilməsi tərəfdarı idi və buna da nail olur. Ağa, bəy balaları öz pulu ilə də gedə bilər deyərək şəffaf və ədalətli seçimlə tələbələrin siyahısını hazırlayır .
Bunu niyə yazıram?
"Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO)" başa çatıb. Azərbaycan komandasının nəticələri çox zəif olub. Bu dəfə heç bir medal qazana bilməmişik, yalnız bir həvəsləndirici mükafat qazanmışıq. Bunun səbəbini təhsil sistemində yaxud riyaziyyat müəllimlərinin zəifliyində görməyin.
Bəllidir ki, Azərbaycanda nüfuzlu yarışlara ya güclü arxası yaxud pulu olan şəxsləri göndərirlər. İdmanda da belədi, təhsildə də, digər sahələrdə də..kimin adamı ya pulu var, onların savadı və biliyi önəmli deyil. Mütləq onları seçirlər. Məsələ burda isə bu olimpiadaya gedənlərin siyahısını kim nə hansı formada hazırlayıb onu tapmaq lazımdır.
Azərbaycanda kifayət qədər savadlı şagirdlər var və onlar burada istənilən uğuru əldə edə bilərdilər.
Burda əsas məsələ hansı meyarlar əsasında seçim edən qurumu təmsil edən şəxsləri sorğulamaq lazımdır. Biz elm və təhsildə zəif deyilik, bizi idarə edənlər isə buna yox hansı meyarlara əsaslanırlar, bəllidir. Kimin pulu və arxası var onlar irəli çəkilir. Onlar göndərilir, onlar seçilir, onların adı təltif və medallara gedir.
Vəzifə : onlarındır
Medal: onlarındır
Fəxri adlar: onlarındır.
Pul: onlarındır
Mükafatlar: onlarındır
Nəticədə isə ölkəmizdə yüksək adla çağrılan şəxslər xaricdə heç axırıncı yeri belə tuta bilmirlər. Ölkəmizi təmsil edə bilmirlər. Dünyada peşəkarlar qarşısında başları aşağı qalır..Bu zaman isə uduzan Azərbaycan və üçrəngli bayrağımız olur.
Savadlı və peşəkar, lakin arxası və pulu olmayanlar isə hər zamankı kimi kölgədə qalırlar...