Cənubi Qafqaz regionuna təsir göstərən əsas güclər İran və Rusiyadır.
Bu barədə politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran bir çox hallarda Rusiyanın təlimatları ilə hərəkət edir, lakin son dövrlərdə Prezident Pezeşkianın hakimiyyətə gəlməsi ilə bu mövqe dəyişməyə başlayıb:
“İran əməlli-başlı Rusiya ilə koordinasiyalı fəaliyyət göstərsə də, Pezeşkianın prezident seçilməsindən sonra balansını itirib. Yeni rəhbərlik daha sağlam və düzgün bir xarici siyasət kursu təklif edir. Bu da onu göstərir ki, İranın əvvəlki mövqeyi zəifləyir”.
Əli Mustafa əlavə edib ki, Rusiya hələ də bölgənin əsas təhlükə və təhdid mənbəyi olaraq qalır:
“ABŞ-nin regiona gəlməsi Rusiya faktoruna qarşı bir güc kimi qiymətləndirilə bilər. Təbii ki, məsələlərin danışıqlar yolu ilə, regional aktorlar tərəfindən həll olunması arzuolunandır. Amma biz Cənubi Qafqazı qapalı bir məkana çevirməməli və beynəlxalq təcrübədən istifadə etməliyik. Xüsusilə Rusiya amilini görməzdən gəlmək düzgün olmaz”.
Politoloq qeyd edib ki, son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərində əldə edilən razılaşmalarda Bakının təşəbbüskar mövqeyi aydın görünür:
“İstər sülh sazişi, istər Zəngəzur dəhlizi ilə bağlı məsələlər olsun, Ermənistan tərəfinin yanaşmasına baxdıqda aydın olur ki, proseslər daha çox Azərbaycanın diktəsi və təklifləri ilə irəliləyir. Bu da bölgədə Azərbaycanın güclənən rolunun göstəricisidir”.