İvan Martinoviç 2025-ci il sentyabrın 1-dən etibarən “Aşan Retail Rusiya” şirkətinin baş direktoru vəzifəsini tərk edəcək.
News365.az xəbər verir ki, onun yerinə şirkətin hazırkı kommersiya direktoru Asya Balabay təyin olunacaq. Bu barədə TASS agentliyi şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, İvan Martinoviç bu vəzifəni 2021-ci il fevralın 1-dən icra edir. O, dörd il yarımdan sonra rəhbərlik səlahiyyətlərini Asya Balabaya təhvil verəcək.
Martinoviç "Aşan" şirkətində 1990-cı ildən çalışır, 2006-cı ildən etibarən isə “Aşan Retail Rusiya”da müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Yeni baş direktor Asya Balabay isə şirkətə 2004-cü ildə qoşulub. O, karyerasına hipermarket formatında “Ev üçün məhsullar” sektorunun rəhbəri kimi başlayıb və 2021-ci ildə kommersiya direktoru vəzifəsinə təyin olunub.
Şirkətdən verilən məlumata əsasən, Balabayın yeni vəzifədə əsas prioritetləri biznes modelin yenilənməsi, yeni mağazaların açılması, B2B sektorunun və rəqəmsal ticarətin inkişafı olacaq.
“Şirkət bu qərardan əmindir və hesab edir ki, Asya Balabayın uzunillik təcrübəsi, kommersiya strategiyasının həyata keçirilməsi bacarığı və kollektivlə uğurlu əməkdaşlığı ona baş direktor kimi də uğur gətirəcək”, – deyə “Aşan”ın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, “Aşan Retail Rusiya” ölkə ərazisində 230 mağaza (klassik hipermarket, “siti” formatlı hipermarket və supermarket) və bir onlayn mağaza idarə edir. Şirkət 2002-ci ildən Rusiya bazarında fəaliyyət göstərir və təxminən 25 min əməkdaşı var.
News365.az