Ailə hər bir dövlətin əsas aparıcı qüvvəsidir. Hər bir cəmiyyətin formalaşmasında ailənin müstəsna rolu var. Azərbaycan kimi milli adət və ənənələri qorunan və mühafizə edilən ölkələrdə ailəyə olan münasibət ən yüksək səviyyədədir. Ta qədimlərdən bugünkü günümüzə qədər hər bir Azərbaycan ailəsində ağsaqqal sözünün, ağbirçək nəsihətinin öz yeri, öz çəkisi olub. Başqa sözlə desək Azərbaycanda ailə modeli hər zaman “Böyüyə hörmət, kiçiyə qayğı” çərçivəsində olub. Azərbaycan ailələrində qadınların da rolu boyudur. Tarix boyu Azərbaycan xanımları ailədə “Bəyim”, “Xatun”, “”Xanım” kimi müraciət olunub. Azərbaycan xanımlarına hər zaman ailədə hörmət, diqqət olub. Azərbaycan xanımı olan yerdə kişilər sayğılı davranıb. Qadınlarımızın ailədə uşaqların təlim tərbiyəsində böyük əməyi var. Başqa sözlə desək əgər bir cəmiyyət ayrı-ayrı fərdlərin toplumundan ibarətdirsə, həmin fərdlərin yetişdirilib düzgün şəkildə cəmiyyətə ötürülməsi analarımızın, qadınlarımızın yuxusuz gecələri, övladlarına təhsil verməsi və ən əsası insani dəyərləri özündə daşıyan şəxsiyyət kimi yetişdirilməsində əməyi böyükdür.
Ailə qurulması ilə bağlı rituallar
Onu da qeyd edək ki, Azərbaycan ailələrinin başqa ölkələrdə olan ailə modelləri ilə müqayisədə oxşar və fərqli tərəfləri var. Ailənin qurulması prosesində ailələrin tanış olması, elçilik və s. kimi məsələlərlə bağlı rituallar Azərbaycan kimi bir çox türkdilli müsəlman ölkələrində də var. Azərbaycanı digər ölkələrdən fərqləndirən və müasir günümüzə qədər az sayda da olsa təsadüf edilən hal isə evlənmək məqsədi ilə qız qaçırılması adətidir. Bu adət ta qədimlərdən ötən əsrin 90-cı illərinə qədər xalq arasında ənənə şəklində davam etdirilib və əsasən ailə qurmaq məqsədi daşıyıb. Sonrakı illərdə bu sahədə narazılıqların və şikayətlərin artması, eləcə də müstəqillik əldə edən Azərbaycan Respublikasında hüquq qanunvericilik bazasının yaradılması və formalaşdırılması nəticəsində qız qaçırılması məsələsi də hüquq xarakter alıb və qanunvericilikdə adam oğurluğu halı kimi təsbit edilib. Bu baxımdan da son illərdə bu sahədə demək olar ki, barmaq sayılacaq qədər hallara rast gəlinə bilər. Bu hallar isə daha çox ucqar bölgələrdə erkən nikahlarla bağlı rast gəlinir. Bir çox hallarda isə bu tərəflər arasında hansısa müstəvilərdə məişət xarakterli mübahisələrin nəticəsi olaraq ortaya çıxır. Onu da qeyd edək ki, Azərbaycanda ailə modeli ilə bağlı başqa bir adət uşaqların evləndirilməsində ailənin mütləq qərarının rol oynaması idi. Belə ki, tarixin müxtəlif mərhələlərində belə hallar olub və bəzən gənclər sırf valideynlərinin seçimi əsasında ailə qurmalı olurdular. Amma son illər bu adət də qız qaçırılması kimi tarixin arxivinə qovuşmaqdadır.
Onu da qeyd edək ki, hazırda qız qaçırılması Azərbaycan qanunvericiliyində cinayət hadisəsi sayılır və Cinayət Məcəlləsində bu məsələ adam oğurluğu kimi təsbit edilmişdir.
Onu da qeyd edək ki, Azərbaycanda ailə qanunvericiliyinə əsasən nikah yaşı çatmış şəxslərin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə sərbəst ailə qurmaq və ya nikah bağlamaq hüququ var. Azərbaycan respublikasında hər kəsin ailə qurmaq hüquq tanınır və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Onu da qeyd edək ki, 18 yaşı tamam olmuş və müstəqil olaraq hüquq qabiliyyətini həyata keçirə bilən hər bir vətəndaş nikaha daxil ola bilər. Təbii ki, burada nikaha daxil olmaq üçün qanunvericilik tərəfindən qoyulan digər tələblər də var və həmin tələblərin yerinə yetirilməsi də vacib şərtdir.
Məcburi tibbi müayinə tələbi
Bu tələblərdən biri məcburi tibbi müayinədir. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər. Bu hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir.
Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə olunur.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Onu da qeyd edək ki, müasir Azərbaycanda ailə modeli xalqımızın nəsilbənəsil qoruyaraq bu günümüzə qədər gətirib çatdırdığı ritualların əksəriyyəti qorunmaqla formalaşır. Bugünkü günümüzdə belə ailələrin qurulmasında ağsaqqal məsləhəti, ağbirçək sözü rol oynayır. Bu əsasən bölgələrimizdə daha çox qorunan milli dəyərlərimizdən biridir. Bununla belə indiki dövrdə ailələr daha çox nikaha daxil olan tərəflərin öz seçimi əsasında qurulur. Son illər gənclər üzərində ailələrin basqısı və seçim tələbi elə də rol oynamır. Bu baxımdan da modern Azərbaycan ailəsində bir qədər fərqliliklər olmamış deyil. Ən əsası isə Azərbaycan ailəsində qorunan milli dəyərlərimiz və ailə institutunun özünün qorunub saxlanılmasıdır.
Cəmiyyətin əsas özəyi
Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində qeyd olunur ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Konstitusiyanın 25-ci maddəsində isə bərabərlik hüququ əksini tapıb. Qeyd edilib ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar
Hər bir ailə özü-özlüyündə kiçik dövlətdir. Eyni zamanda hər bir ailənin yaşadığımız cəmiyyətin və dövlətin inkişafında yeri və rolu var. Cəmiyyətimizin və dövlətimizin gələcəyini yaxşı görmək isə bizim ailəmizdən və orada böyüyən uşaqların cəmiyyətə, dövlətə və xalqa nə qədər yaralı böyüdülməsindən asılıdır. Odur ki, ailələrimizi möhkəm qoruyaq ki, cəmiyyətimiz də güclü olsun.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.