"Türkmənistanla münasibətlərdə yeni mərhələ başlayır"- Cavanşir Feyziyev

"Türkmənistanla münasibətlərdə yeni mərhələ başlayır"- Cavanşir Feyziyev
18 İyl 2025 14:18

"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcından xəbər verir."

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev News365.az-a açıqlamasında bildirib.

"Türkmənistan liderinin Azərbaycanda iki gün ərzində qalması və işğaldan azad olunmuş Qarabağ ərazisinə səfəri münasibətlərimizin intensivləşməsinin və dövlətlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinin təzahürüdür.

Qarabağ bölgəsində qonaq olan Türkmənistan lideri ərazidə aparılan abadlıq və quruculuq işləri ilə tanış olub və Türkmənistan Respublikasının işğaldan azad olunmuş ərazilərdə layihələrdə iştirak edəcəyini bəyan edib.

Türkmənistan geosiyasi baxımdan Azərbaycanın qonşusudur və Avropa ilə Asiya arasında mühüm rol oynayan bir coğrafi mövqeyə malikdir. Lakin bu coğrafi mövqedən tam səmərəli istifadə etmək üçün Türkmənistan Respublikasının milli maraqlarına uyğun şəkildə Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasına və sıxlaşmasına ehtiyac var.

Türkmənistan neft və qaz ehtiyatları ilə zəngin ölkədir. Bu resurslar hazırda əsasən Rusiya və Çinə ixrac olunur. Lakin Türkmənistanın təbii ehtiyatlarının Avropa bazarına çatdırılmasında Azərbaycanın mühüm tranzit rolu oynaya biləcəyi qeyd olunmalıdır.

Azərbaycanla Türkmənistan arasında ortaq işlənən neft yatağı – Xəzər dənizində yerləşən yataq da mövcuddur. Bu yatağın işlənməsinə texniki baxımdan yaxın zamanlarda başlanacağı gözlənilir.

Türkmənistanın iqtisadi sisteminin qlobal inteqrasiyası Azərbaycanın vasitəsilə mümkündür. Türkmənistanın Qərbə doğru digər ölkələrlə iqtisadi münasibətlər qurması və ticarət əməliyyatları aparması da məhz Azərbaycanın iştirakı ilə həyata keçirilə bilər.

Türkmənistan böyük Türk dünyasının üzvü olan bir dövlətdir və son onilliklər ərzində bu çərçivədəki inteqrasiya proseslərində demək olar ki, ən az fəallıq göstərən ölkələrdən biri olub.

Lakin Türkmənistanın Azərbaycanla münasibətlərinin yaxınlaşması eyni zamanda bu ölkənin Türk dünyasına daha sürətli inteqrasiyasında və digər türk dövlətləri ilə əlaqələrinin canlanmasında mühüm rol oynayacaq."


Sizin reklam burada
Sizin reklam burada