Yarışlara buraxılmayan Rusiya millisi Əfqanıstanı bəyənmədi

Yarışlara buraxılmayan Rusiya millisi Əfqanıstanı bəyənmədi
30 İyn 2025 14:00

Rusiyanın futbol üzrə milli komandası Kabildə Əfqanıstan yığması ilə oynamaqdan imtina edib. Bu barədə “Mash on Sport” Teleqram kanalı Rusiya Futbol İttifaqının (RFU) nümayəndəsinə istinadən məlumat yayıb.


"İlin sonuna kimi komandamız üç oyun keçirəcək. Onların hamısı Rusiyada təşkil olunacaq. Potensial rəqiblərin adları hələlik məlum deyil, lakin müəyyən işlər gedir", - RFU-dan bildiriblər.


İyunun 18-də Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Əhmədullah Zahid Rusiya yığmasını Kabilə yoldaşlıq görüşünə dəvət etmişdi.

Xatırladaq ki, Ukrayna müharibəsi başlayandan-2022-ci ilin fevralından Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur, kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib. Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında iştirak etməyiblər və 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının püşkatma mərasimində iştiraka buraxılmayıblar.

Rusiya millisi yalnız yoldaşlıq oyunları keçirir. İyunda Valeri Karpinin yetirmələri Nigeriya (1:1) və Belarusla (4:1) qarşılaşıblar.

Tural


Sizin reklam burada
Sizin reklam burada