"Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan birgə bəyannamə, eyni zamanda sülh sazişinin paraflanması regionda yeni dövrün başlandığını deməyə əsas verir. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”.
Milli Məclisin deputatı Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib.
"Beləliklə, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Birgə Bəyannaməyə uyğun olaraq, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini parafladılar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzaladılar.
Bundan sonra sülhün qurulmasına dair sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımlar atılacaq. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərimizdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Bəyannamədə yer alan ən vacib müddəalardan biri tərəflərin düşmənçilik səhifəsini bağlaması, eyni zamanda indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd və istisna etməsidir. Bu razılaşma həm də əlaqə və rabitə istəyinin göstəricisidir. Cənab Prezident də bəyan etdi ki, Azərbaycan ölkələr arasında inteqrasiyanın baş verməsini istəyir. Bu isə ilk növbədə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidini təmin etməli idi. Bu tələb də Ermənistan tərəfindən qəbul edildi. Cənab Prezident daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Ermənistanın ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər, yəni Azərbaycanla əməkdaşlıq nəzərdə tutulur. Cənab Prezident Ağ Evdə üçtərəfli sənədin imzalanması barədə danışarkən qeyd etdi ki, “Tramp Rifah və Sülh Marşrutu əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq”.
Sonuncu mərhələ isə yekun sülh müqaviləsinin imzalanması olacaq. Ermənistan vaxt itirməməli, öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Azərbaycan Prezidentinin də söylədiyi kimi, artıq Bakı ilə İrəvan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir."