Qətər ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh sazişinin paraflanmasını alqışlayır.
News365.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində dərc edilən bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, onlar sazişin iki ölkə arasında mehriban qonşuluq prinsipləri əsasında əməkdaşlığın yeni mərhələsi üçün əsas olacağına, hər iki xalqın sülh, inkişaf və firavanlıq arzularına cavab verəcəyinə, həmçinin Qafqazda təhlükəsizlik və sabitliyi möhkəmləndirəcəyinə ümidvardırlar.
Qurum həmçinin Qətər tərəfinin razılığın əldə edilməsindəki səylərinə görə ABŞ-yə təşəkkür etdiyini bildirib və gərginliyin azaldılmasına, mübahisələrin diplomatik yollarla həllinə və həm regional, həm də beynəlxalq səviyyədə sülh, inkişaf və rifahın əsaslarının möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini təsdiqləyib.