Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq
09 Avq 2025 21:07

Türkiyə Respublikasının Bakıda səfiri Birol Akgün Anadolu Universitetinin Azərbaycanda keçirilən məzun gecəsində çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı mühüm fikirlər səsləndirib.

News365.az xəbər verir ki, səfir Akgün dəhlizin istifadəyə verilməsi ilə Türkiyə ilə Azərbaycan arasında birbaşa avtomobil yolunun açılacağına diqqət çəkərək deyib:

“İnşallah, quru yolu ilə Türkiyədən Azərbaycana bağlanacağıq. Bu inkişaf yalnız iki ölkə arasındakı nəqliyyatı asanlaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda Türk dünyası dəhlizi baxımından strateji dönüş nöqtəsi olacaq.”

O, Zəngəzur dəhlizinin Asiya ilə Avropa arasında yeni ticarət və nəqliyyat xətti yaradacağını vurğulayaraq əlavə edib:
“Azərbaycan bu dəhlizlə Türk dünyasının mərkəzində yer alacaq. Həm iqtisadi, həm də geosiyasi baxımdan bölgəmiz üçün yeni imkanlar yaranacaq.”

Səfir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün baş tutan telefon danışığına toxunaraq bildirib:
“İki liderimizin daim təmasda olması münasibətlərimizin nə qədər yaxın və strateji olduğunun göstəricisidir. Bu kimi inkişaflar bizə gələcəyə daha ümidlə baxmağa imkan verir.”

Qeyd edək ki, Zəngəzur dəhlizi Azərbaycanın qərb bölgələrini Naxçıvan üzərindən Türkiyə ilə birləşdirməyi hədəfləyən və Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən nəqliyyat layihəsi kimi tanınır. Layihə tamamlandıqda bölgədə iqtisadi inteqrasiyanın güclənəcəyi və ticarət həcminin artacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada