Qafqaz-Mərkəzi Asiya birliyinin təməli atıldı - TƏHLİL

Qafqaz-Mərkəzi Asiya birliyinin təməli atıldı - TƏHLİL
09:45

İki gün öncə Türkmənistanda tarixi an yaşandı. İlk dəfə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksək səviyyəli dialoq baş tutdu. Bu günə qədər ölkələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq formalaşdırsalar da, ilk dəfə üç ölkə bir masa arxasında ortaq milli maraqlar ətrafında müzakirə keçirdilər.

Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistanın ortaq platforması qurulmuş oldu. Bu platforma ilə Qafqaz–Mərkəzi Asiya arasında həm dialoq genişlənir, həm də mövcud logistik marşrutlar şaxələndirilmiş olur.

Hal-hazırda Çin və Mərkəzi Asiyadan Avropa istiqamətinə və əks istiqamətdə daşımalar əsasən Qazaxıstan üzərindən keçən dəhliz vasitəsilə həyata keçirilir. Artan yüklərin həcmi isə müəyyən qədər növbələrin yaranmasına, müddətlərin uzanmasına və ən əsası daşıma qiymətlərinin artmasına səbəb olur.

Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu mövcud xəttə paralel olmaqla yanaşı, logistika şirkətlərinə alternativ marşrut təklif edə bilər. Bu xəttə yüklərin cəlb edilməsi digər marşrutla müqayisədə həm vaxt, həm də xərc baxımından sərfəli olacaq.

Bu xəttin effektiv işləməsi üçün tələb edilən infrastruktur da mövcuddur. Belə ki, həm yol infrastrukturu, həm də liman infrastrukturu kifayət qədər inkişaf etdirilib. Hətta deyərdim ki, Türkmənbaşı limanı eyni anda bir neçə gəmiyə paralel xidmət göstərə biləcək imkanlara malikdir.

Eyni zamanda, Özbəkistan Azərbaycanın dəstəyi ilə Xəzərdə öz ticarət donanmasını yaratmağı hədəfləyib. Donanmanın effektiv fəaliyyət göstərməsi üçün Özbəkistanın liman infrastrukturuna da ehtiyacı var. Beləliklə, üçtərəfli birlik formalaşdıqdan sonra, özbəklər Türkmənistanın liman infrastrukturundan istifadə edərək donanmalarından iqtisadi cəhətdən daha səmərəli yararlana bilərlər.

Azərbaycanın Türkmənistan üzərindən Özbəkistana çıxış əldə etməsi, eyni zamanda, iki ölkə arasında ticarətin dərinləşməsinə səbəb olacaq. Məsələn, Özbəkistan–Əfqanıstan dövlət sərhədində xüsusi rejimli sənaye zonası fəaliyyət göstərir. Bu zonada Taliblərin bir sıra istəkləri nəzərə alınıb, eyni zamanda sərhədi keçərək bu zonaya əfqanlar yalnız şəxsiyyət vəsiqəsi ilə daxil ola bilirlər. Yəni əlində pulu, lakin xarici pasportu olmayan istənilən əfqan bu əraziyə gəlib ticarət edə bilər.

Bu zonada ticarət Azərbaycan biznesi üçün də maraqlı ola bilər. Ona görə də bu dəhlizin açılması Azərbaycanda istehsal olunan məhsulların bu zonaya daha sərfəli və rəqabətədavamlı qiymətlərlə çıxarılmasına və realizə edilməsinə imkan verə bilər.

Eyni zamanda bu üçtərəfli əməkdaşlıq platforması Özbəkistan və Türkmənistan üçün də Azərbaycan üzərindən Yaxın Şərq və Türkiyə bazarına çıxış baxımından əla fürsətlər təqdim edir.

Aqil Məmmədov, siyasi ekspert

News365.az


Sizin reklam burada
Sizin reklam burada