"Vaşinqton görüşündə sülh niyyəti hiss olunur" - Sultan Zahidovun şərhi

"Vaşinqton görüşündə sülh niyyəti hiss olunur" - Sultan Zahidovun şərhi
12:07

Vaşinqtonda keçirilən son görüşdə tərəflər arasında sülh müqaviləsinin imzalanması ehtimalı hiss olunur və bu istiqamətdə əhəmiyyətli nəticələr əldə oluna bilər.

Politoloq Sultan Zahidovun News365.az-a verdiyi açıqlamada bildirilib ki, görüş zamanı müəyyən ümumi razılaşmaların əldə olunması, tərəflərin qısa müddətdə sülh müqaviləsini imzalamağa hazır olduqlarını ifadə etmələri bu prosesin vacib mərhələsidir.

Zahidov hesab edir ki, əgər sülh müqaviləsi bu mərhələdə imzalanmasa belə, Ermənistan tərəfinin üzərinə müəyyən öhdəliklər götürməsi vacib olacaq:
“Düşünürəm ki, hər iki tərəf sülh müqaviləsinə doğru növbəti addımı atmağa hazırdır. Ermənistan öz siyasi qərarlarını dəqiqləşdirməli, daxili siyasi iradəsini ortaya qoymalıdır. Bəzi hallarda bu kimi müqavilələrdə belə bir bənd yer ala bilər ki, Ermənistan konstitusiyasında dəyişiklik edildikdən sonra müqavilə rəsmiləşdirilsin. Bu da prosesin davamlılığını təmin edə bilər.”

Politoloq qeyd edib ki, prosesin bu mərhələyə gəlməsi özü-özlüyündə uğur və nailiyyət sayılmalıdır:
“Bu görüş sülh yolunda atılan növbəti ciddi addımdır. Sülh müqaviləsinin imzalanması üçün iradə nümayiş olunur və bu istiqamətdə təmaslar davam etdirilir.”

Cənub Qafqazda müzakirə mövzularından biri olan Zəngəzur dəhlizi məsələsinə də toxunan politoloq bildirib ki, bu məsələ növbəti görüşlərin gündəmində olacaq:
“Bu təkliflər masadadır və Ermənistan tərəfindən qəbul olunmasa da, prosesin davam etdirilməsi regional sabitlik üçün vacibdir. Görüşlərin bu ay ərzində də davam etdirilməsi göstərir ki, tərəflər prosesin sürətlənməsində maraqlıdır.”

Zahidov əlavə edib ki, Azərbaycanın sülh istiqamətindəki təşəbbüsləri davamlı olub və indiyədək əldə edilən nəticələr region üçün təhlükəsizliyə xidmət edir:
“Azərbaycan daim bu istiqamətdə çalışıb. Sadəcə, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öhdəlikləri yerinə yetirməsi vacibdir. Bu müqavilə bölgədə dayanıqlı sabitliyi təmin edə bilər.”

Sonda Zahidov ABŞ-ın prosesdəki roluna toxunaraq bildirib ki, Vaşinqtonun təşəbbüsləri, xüsusilə də Donald Tramp dövründə aparılan vasitəçilik cəhdləri beynəlxalq münaqişələrin həllində təsirli olmuşdur:
“Ruanda və Konqo, Tayland və Kamboca, eləcə də digər münaqişələrdə ABŞ diplomatiyasının mühüm rolu olub. Bu təcrübə Cənubi Qafqazda da öz nəticəsini verə bilər."


Sizin reklam burada
Sizin reklam burada