“Rusiyanın miqrant siyasəti yox, bu, Azərbaycana yönəlmiş konkret təzyiqdir” - İlham İsmayıl

“Rusiyanın miqrant siyasəti yox, bu, Azərbaycana yönəlmiş konkret təzyiqdir” - İlham İsmayıl
30 İyn 2025 12:56

Rusiyada miqrantlara qarşı həyata keçirilən son sərt tədbirlər ümumi miqrasiya siyasətindən daha çox, Azərbaycana qarşı yönəlmiş xüsusi münasibətin göstəricisidir.

Bu fikirləri News365.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib.

Ekspertin sözlərinə görə, hazırda Rusiyada müşahidə edilən prosesləri miqrantlara qarşı ümumi siyasət kimi qiymətləndirmək doğru deyil:

“Bu, sadəcə miqrantlara qarşı siyasətin tərkib hissəsi deyil. Bu, konkret olaraq Rusiyanın Azərbaycan dövlətinə olan münasibətidir. 223 illik tarixdən danışırıqsa, yadda saxlayaq ki, həmin dövr boyu bütün təzyiqlər Azərbaycan ərazisində baş verirdi. Amma sonuncu əsgər də çıxıb getdikdən sonra bu təzyiqləri artıq öz ərazilərində həyata keçirməyə başladılar.”

İlham İsmayıl vurğulayıb ki, bu prosesin başlanğıcı 2023-cü ilin dekabrında Azərbaycan hərbi təyyarəsinin Rusiyanın hava məkanında vurulması ilə qoyulub:

“O hadisə təsadüfi deyildi. Sonradan əldə olunan kəşfiyyat məlumatları da göstərdi ki, bu, bilərəkdən edilmişdi. Həmin hadisədən sonra ölkə başçısının planlaşdırılan Rusiya səfəri də yarımçıq qaldı. Bu, siyasi gərginliyin bariz nümunəsi idi.”

Ekspert əlavə edib ki, təzyiqlər bununla bitməyib:

“Bundan sonra Azərbaycan mediasına təzyiqlər artdı, millət vəkilimizin Rusiyada təşkil edilən rəsmi tədbirə qatılması əngəlləndi. Hətta Astara ilə bağlı məsələdə də gərginlik yaşandı. Neft Akademiyasında 2009-cu il aprelin 29-da baş verən terror aktını törədən şəxsin 12 gün əvvəl Rusiyadan gəlməsi faktı da bu münasibətin fonunda xatırlanmalıdır.”

İlham İsmayılın fikrincə, bütün bu hadisələr təsadüfi yox, məqsədli addımların nəticəsidir və Azərbaycan bu məsələlərə qarşı prinsipial mövqe sərgiləməlidir.


Sizin reklam burada
Sizin reklam burada