Ermənistanda Baş nazir Nikol Paşinyan hökuməti ilə kilsə arasında gərginlik daha da dərinləşir. Seçki ərəfəsində dini liderlərin siyasi proseslərə müdaxiləsinə qarşı görülən tədbirlər həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş müzakirə olunur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, bu qarşıdurma uzun illərdir mövcuddur və Paşinyanın atdığı addımlar gecikmiş, lakin zəruri qərarlardır:
“Erməni kilsəsi illərdir Ermənistanın daxili və xarici siyasətinə, o cümlədən Qarabağ məsələsinə birbaşa təsir edən qüvvəyə çevrilmişdi. Xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin qızışdırılmasında kilsənin açıq rolu var. Bu baxımdan, kilsənin siyasi proseslərdən uzaqlaşdırılması Ermənistanın gələcək inkişafı və regionda sabitlik üçün vacibdir.”
Deputat qeyd edib ki, Paşinyanın məqsədi təkcə seçki təhlükəsini aradan qaldırmaq deyil, həm də Ermənistanda köhnə siyasi təfəkkürü daşıyan strukturların təsirini məhdudlaşdırmaqdır:
“Kilsənin düşmənçilik və təxribat xarakterli çıxışları nəinki seçki mühitinə, ümumilikdə cəmiyyətin rifahına və sülh prosesinə zərbə vurur. Bu cür yanaşmalar nə Ermənistanın inkişafına, nə də bölgədə sabitliyə xidmət edir. Paşinyan haqlı olaraq bu təsirin qarşısını almağa çalışır və bu addımlar dəstəklənməlidir.”
Ceyhun Məmmədov onu da əlavə edib ki, bu islahatlar Ermənistan daxilində radikalizm və nifrət ritorikasına qarşı yönəlmiş mühüm mərhələdir və Paşinyanın seçkilərdəki şansına mənfi təsir edəcəyini düşünmür:
“Əksinə, bu cür qətiyyətli addımlar Ermənistan cəmiyyətinin müasirləşməsi, xalqın rifahı və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün müsbət impuls yaradır. Bu prosesin davamlı olması vacibdir və risk daşımaqdan çox, uğurlu gələcək vəd edir.”
Sonda millət vəkili vurğulayıb ki, belə təşəbbüslər regionda sülh və əməkdaşlıq üçün mühüm zəmin yaradır və bu baxımdan həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan tərəfindən müsbət qarşılanmalıdır"