Rusiyada azərbaycanlılara qarşı son vaxtlar həyata keçirilən tədbirlər təsadüfi deyil, əvvəlcədən hazırlanmış və hazırda mərhələli şəkildə reallaşdırılan planın tərkib hissəsidir.
Bu fikirləri News365.az-a politoloq Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, məsələ sadəcə etnik ayrı-seçkilik və miqrasiya siyasəti ilə izah oluna bilməz. Burada daha dərin və sistematik problemlər mövcuddur:
“Söhbət Rusiyada azərbaycanlılara qarşı bir anda yaranmış nifrət siyasətindən getmir. Burada onlarla paralel proses var. Amma əsasən üç əsas problem üzərində dayanmaq lazımdır: birincisi, Rusiya hələ də imperiya düşüncə tərzindən qurtula bilməyib; ikincisi, post-sovet məkanında nə bahasına olursa-olsun, itirilmiş bölgələrini qaytarmağa çalışan neo-imperialist yanaşma var; üçüncüsü isə bu yanaşma, əslində, 1933-cü ildə Almaniyada baş vermiş hadisələrin təkrarıdır – yəni ‘Ein Volk, Ein Reich’ (Bir millət, bir imperiya) şüarı ilə eyni fəlsəfə üzərində qurulub.”
Politoloq əlavə edib ki, Rusiyada irqçilik, şovinizm və nifrət ideologiyası yeni deyil:
“Bunlar indi yaranmayıb. 1990-cı illərdə fəaliyyət göstərən ‘PAMED’ kimi təşkilatlar – ‘Ruslar hamıdan üstündür’, ‘Rusiya ruslar üçündür’ kimi şüarlarla – birbaşa Rusiya xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılmışdı. Həmin təşkilatların rəhbərlərindən biri olan Vasilyev şəxsən Rusiya xüsusi xidmət orqanlarının zabiti idi. İndi də mahiyyət dəyişməyib.”
Elçin Alıoğlunun fikrincə, bu gün baş verən hadisələr həmin planlı proseslərin davamıdır və Azərbaycan bu tendensiyaya qarşı həm diplomatik, həm də siyasi platformalarda qətiyyətli mövqe sərgiləməlidir